
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Açılış mərasimi çərçivəsində dövlət başçısı və birinci xanım kənddə yaradılan şəraitlə tanış olub, həyata keçirilən quruculuq və abadlıq işlərinin nəticələrinə baxıblar.
Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Görüş zamanı dövlət başçısı sakinlərlə səmimi söhbət edib, onların sevincinə şərik olub və yeni yaşayış evlərinin açarlarını ailələrə təqdim edib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın müasir tarixində mühüm mərhələlərdən biridir. Doğma yurdlarına qayıdan sakinlərin yeni evlərlə təmin olunması, yaşayış məntəqələrinin yenidən qurulması və sosial infrastrukturun yaradılması həmin ərazilərdə həyatın bərpasına xidmət edir.
Cahangirbəyli və Soltanlı kəndlərinə sakinlərin qayıdışı da doğma torpaqlarda yeni həyatın başlanmasının, uzun illər davam edən həsrətin sona çatmasının növbəti təzahürüdür.





