
Azərbaycan, ABŞ və Ermənistan arasında TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq üzrə yeni mərhələyə başlanılıb. Üç ölkə layihənin icrasını sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start verib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu barədə noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistanın birgə bəyanatında bildirilib.
Məlumata əsasən, ilkin mərhələdə iki əsas istiqamət üzrə texniki qruplar yaradılıb. Bunlardan biri nəqliyyat, digəri isə elektrik enerjisinin ötürülməsi sahəsini əhatə edir.
Yaradılan qrupların əsas vəzifəsi layihənin icrası zamanı meydana çıxan texniki məsələlərin həlli, eləcə də nəzərdə tutulan marşrutun regional infrastruktur şəbəkələrinə inteqrasiyası ilə bağlı işlərin əlaqələndirilməsidir.
Birgə bəyanatda tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat və enerji bağlantılarının inkişafı baxımından mühüm təşəbbüs kimi nəzərdən keçirilir. Texniki qrupların fəaliyyətə başlaması layihənin praktiki icrası və tərəflər arasında koordinasiyanın gücləndirilməsi istiqamətində atılan addımdır.





