
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısına klinikada yaradılmış müasir şərait, görülən işlər və tibb müəssisəsinin gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Universitet Klinikasının baş direktoru Samir Babayev yeni şöbənin fəaliyyəti ilə bağlı görülmüş işləri diqqətə çatdırıblar.
Bildirilib ki, təsdiq edilmiş memarlıq-planlaşdırma həllinə uyğun olaraq həyata keçirilən işlər çərçivəsində mövcud mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, şöbənin müasir səhiyyə standartlarına uyğun təşkili təmin edilib. Burada xəstələrin qəbulu, müayinəsi və müalicəsinin daha operativ və səmərəli həyata keçirilməsi üçün zəruri funksional zonalar yaradılıb.
Təcili tibbi yardım şöbəsində reanimasiya, uşaq pediatriyası sahələri, palatalar, dərman vasitələrinin saxlanılması üçün xüsusi otaqlar, eləcə də tibbi xidmətlərin və gündəlik fəaliyyətin təşkili məqsədilə müvafiq xidmət sahələri mövcuddur. Şöbənin müasir tibbi avadanlıqlarla və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilməsi onun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Bununla yanaşı, ilkin tibbi qiymətləndirilməsi aparılmış pasiyentlərin zərurət yarandığı hallarda digər tibb müəssisələrinə təhlükəsiz şəkildə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanlarına malik təcili tibbi yardım avtomobilləri də nəzərdə tutulub.
Qeyd edək ki, klinikada hazırda 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya çarpayısı mövcuddur. Təcili tibbi yardım şöbəsində isə əlavə olaraq 19 çarpayı və 5 əməliyyat zalının təşkili planlaşdırılıb. Beləliklə, tibb müəssisəsi eyni vaxtda 70 stasionar və 19 təcili tibbi yardım pasiyentinə xidmət göstərmək imkanına malik olacaq.
2027-ci il üzrə inkişaf planına əsasən, klinikada ümumilikdə 230-250 əməkdaşın çalışması proqnozlaşdırılır. Bu isə həm bölgədə səhiyyə xidmətlərinin insan resursları baxımından gücləndirilməsinə, həm də yeni peşəkar kadrların formalaşmasına mühüm töhfə verəcək.
Qarabağ Universiteti Klinikasının əsas missiyası yalnız əhaliyə tibbi xidmət göstərməklə məhdudlaşmır. Müəssisənin gələcək inkişaf strategiyasında müasir tibb təhsili, klinik təcrübə və elmi-tədqiqat fəaliyyətinin vahid mərkəzdə birləşdirilməsi xüsusi yer tutur. Bu yanaşma gələcək həkimlərin praktiki bilik və bacarıqlarının artırılması, səhiyyə sahəsində elmi potensialın inkişaf etdirilməsi və müasir tibbi yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Qarabağ Universitetinin Klinikasında yeni Təcili tibbi yardım şöbəsinin istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mühüm nəticəsidir. Regionda müasir səhiyyə infrastrukturunun yaradılması əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılmasına, eyni zamanda, Qarabağın davamlı inkişafına xidmət edir.
Dövlət başçısının açılışda iştirakı isə Qarabağda səhiyyə sisteminin qurulmasına, müasir tibbi infrastrukturun formalaşdırılmasına və insan amilinin dövlət siyasətində prioritet istiqamət kimi qorunmasına verilən xüsusi önəmin göstəricisidir.











