
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Azərbaycan xalqının Zəfər Gününün əhəmiyyətinə toxunulub, bu tarixi hadisənin regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sadır Japarov təbrikində bildirib:
“Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.
Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”.
Qeyd edək ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Sadır Japarovun təbrik məktubu iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı hörmətin növbəti ifadəsidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutur. Bu tarix ölkəmizin müasir tarixinin mühüm hadisələrindən biri kimi qeyd olunur.





