
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi “Instagram” hesabında xalqımıza ünvanlanan təbrik paylaşımı edib.
Paylaşımda Azərbaycanın tarixi Qələbəsinin sevincini yaşayan xalqımızın qürur hissləri ifadə olunub, Vətən uğrunda mübarizə aparan hərbçilərə, şəhidlərə və qazilərə ehtiram bildirilib.
Mehriban Əliyeva paylaşımında Prezident İlham Əliyevə, Azərbaycan Ordusunun cəsur əsgər və zabitlərinə, eləcə də müharibə veteranlarına minnətdarlığını ifadə edib.
Paylaşımda deyilir:
“Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nailiyyət əldə olunub.
Bu əlamətdar gün Azərbaycan xalqının milli birliyini, ordumuzun qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını və dövlətimizin qətiyyətini təcəssüm etdirir. Zəfər Günündə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, qazilərimizə və müharibə veteranlarımıza minnətdarlıq ifadə olunur.
Mehriban Əliyevanın paylaşımı da bu böyük tarixi Qələbənin sevincini, Vətən uğrunda canından keçən qəhrəmanlara ehtiramı və ölkəmizdə daim sülhün, əmin-amanlığın hökm sürməsi arzusunu özündə əks etdirir.





