
Azərbaycanda nisyə mal satan şirkət və fərdi sahibkarlar, eləcə də istehlak kreditləri üzrə zaminlər üçün yeni kredit qiymətləndirmə qaydaları qüvvəyə minib.
Yeni qaydalara əsasən, nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlar nisyə satış portfelinin həcmi və alıcıların sayı barədə banklara məlumat təqdim etməlidirlər.
Göstəricilərin kredit bürolarında mövcud olan məlumatlarla uyğunluğu 90 faizdən aşağı olarsa, müvafiq kredit qeyri-qənaətbəxş aktiv hesab ediləcək.
Dəyişikliklərə əsasən, istehlak kreditləri üzrə zaminin borcunun gəlirinə nisbəti 70 faizdən çox olmamalıdır. Məsələn, aylıq gəliri 1 000 manat olan şəxsin aylıq borc ödənişləri 700 manatı keçməməlidir.
Yeni tələblərdə borcalanın gəlirlərinin müəyyənləşdirilməsi ilə bağlı məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, borcalanın gəliri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən edilə bildiyi halda, banklar həmin gəliri davranış modeli əsasında proqnozlaşdıra bilməyəcəklər.
Yeni qaydalar kredit risklərinin daha dəqiq qiymətləndirilməsi, maliyyə intizamının gücləndirilməsi və kreditləşmə prosesində şəffaflığın artırılmasına xidmət edir.





