
Noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd olunur. Bu tarix müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında mühüm mərhələ hesab edilir.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikasının müstəqillik dövründə ilk Konstitusiyası qəbul edilib. Bu il ölkənin əsas qanununun qəbul edilməsindən 31 il ötür.
Azərbaycan dövlətinin konstitusiya tarixinin daha qədim kökləri var. Belə ki, ilk Azərbaycan Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında təsdiqlənib. Sonuncu Azərbaycan SSR Konstitusiyası 1978-ci il aprelin 21-də qəbul olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin yeni Konstitusiyasının hazırlanması istiqamətində mühüm işlərə başlanılıb. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılıb. Hazırlanan layihə 1995-ci ildə ümumxalq müzakirəsinə təqdim edilib və həmin il noyabrın 12-də keçirilən referendumda qəbul olunub.
Azərbaycan Respublikasının Konstitusiyası beş bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Əsas qanun dövlətin idarəçilik sistemini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət qollarının fəaliyyət prinsiplərini və cəmiyyətin hüquqi əsaslarını müəyyən edir.
Konstitusiyaya 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar əsasında əlavə və dəyişikliklər edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin imzaladığı Sərəncamla noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü elan olunub.
Konstitusiya Gününün əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə daha da artıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilib. 2023-cü il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində suverenlik və Konstitusiya quruluşu bərpa olunub.
23 saatdan bir qədər artıq davam edən antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin hərbi infrastrukturu zərərsizləşdirilib və onlar təslim olmağa məcbur olublar. Bununla da Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması istiqamətində tarixi mərhələ başa çatıb.
Bu gün Konstitusiya Günü yalnız hüquqi sənədin qəbul edildiyi tarixi deyil, həm də müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin, hüquqi dövlət quruculuğunun və xalqımızın azadlıq iradəsinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Konstitusiyamız müstəqil Azərbaycanın gələcəyini, dövlət və cəmiyyət münasibətlərini, vətəndaşların hüquq və vəzifələrini müəyyən edən fundamental hüquqi sənəd olaraq ölkəmizin inkişafının əsasını təşkil edir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik!




