
Azərbaycan idmanına növbəti böyük uğur bəxş edilib. Gənc şahmatçımız Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib.
Azərbaycan təmsilçisi Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı şahmatçılar arasında Avropa çempionatında möhtəşəm nəticəyə imza atıb.
18 yaşadək qızların mübarizəsində çıxış edən Nərmin Abdinova VIII turda Polşa şahmatçısı Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Beləliklə, bütün görüşlərini qələbə ilə başa vuran şahmatçımız son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.
Bu nəticə Azərbaycan şahmatının beynəlxalq miqyasda qazandığı uğurların davamı olmaqla yanaşı, gənc idmançılarımızın yüksək potensialının və əzmkarlığının göstəricisidir.
Qeyd edək ki, Azərbaycanın 18 yaşadək qızlar arasında Avropa çempionatında əvvəlki qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanmışdı.
Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.
Nərmin Abdinovanı bu möhtəşəm nailiyyət münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr və uğurlar arzulayırıq!
Azərbaycan şahmatının uğurları davamlı olsun!





