
İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qızların təhsilinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir bildirib ki, layihə artıq davamlı təşəbbüsə çevrilib və bu il proqram çərçivəsində 66 qız məzun adını qazanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, son beş il ərzində layihənin müxtəlif proqramlarından 593 nəfər yararlanıb. Onun sözlərinə görə, təşəbbüs yüzlərlə qadın və qız üçün yeni imkanlar yaradıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə Fondun müxtəlif təqaüd və inkişaf proqramları vasitəsilə ümumilikdə 489 iştirakçıya dəstək göstərildiyini bildirib.
Tədbirdə layihənin builki məzunları təbrik olunub, onlara hədiyyə və gül dəstələri təqdim edilib, daha sonra bədii proqram nümayiş etdirilib.
Qeyd edək ki, “Qızların təhsilinə dəstək” layihəsinin əsas məqsədi qızların ali təhsilə çıxış imkanlarını genişləndirmək və onların gələcək inkişafına dəstək olmaqdır.













