Meksikalı futbolçu həvəskar komandaların oyununda güllələnərək öldürüldü

Meksikada futbol ictimaiyyətini sarsıdan silahlı hücum hadisəsi baş verib. 26 yaşlı futbolçu Luis Çaves həvəskar komandaların oyunları zamanı güllələnərək həyatını itirib.
Məlumata görə, motosikletlə hadisə yerinə gələn silahlı şəxslər futbolçuya atəş açıblar. Açılan atəş nəticəsində Luis Çaves aldığı güllə yaralarından dünyasını dəyişib. Hadisə zamanı daha bir nəfərin də xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Luis Çaves karyerası ərzində bir müddət “Atletiko San-Fransisko-del-Rinkon” klubunun formasını geyinib. Son dövrlərdə isə o, “Arandas” həvəskar komandasında çıxış edirdi.
Gənc futbolçunun faciəli ölümü idman ictimaiyyətində təəssüf doğurub. Hadisənin başvermə şəraiti və hücumun səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.