“Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başladı – Azərbaycan və Ermənistan nümayəndələri Ermənistanda bir araya gəlib

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında dialoqun davam etdirilməsi məqsədilə həyata keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb.
Görüş Ermənistanda keçirilir. Tədbirdə hər iki ölkənin vətəndaş cəmiyyətini təmsil edən nümayəndələr iştirak edirlər. Məlumata görə, görüşdə Azərbaycan və Ermənistandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.
2026-cı il noyabrın 26-27-də keçirilən geniştərkibli ikitərəfli görüş dəyirmi masa formatında təşkil olunub. Müzakirələrin əsas məqsədi Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin inkişaf etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iki ölkənin cəmiyyətləri arasında birbaşa əlaqələrin genişləndirilməsidir.
Görüşün gündəliyində 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə razılaşdırılan sülh gündəliyi xüsusi yer tutur. İştirakçılar Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması istiqamətində mümkün təşəbbüsləri, eləcə də cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılması üçün konkret addımları müzakirə edəcəklər.
Bununla yanaşı, Cənubi Qafqaz regionunda dayanıqlı iqtisadi əməkdaşlığın qurulması, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı imkanları da müzakirə mövzuları sırasındadır.
İki günlük görüşdə humanitar məsələlərə, təhsil sahəsində əməkdaşlığa, gənclərlə işin təşkilinə və vətəndaş cəmiyyətləri arasında uzunmüddətli əlaqələrin yaradılmasına da xüsusi diqqət ayrılacaq.
Tərəflərin müzakirələr zamanı müxtəlif sahələr üzrə fikir və təcrübə mübadiləsi aparması, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Sülh körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa dialoqun təşviqinə, qarşılıqlı anlaşmanın artırılmasına və regionda sülh gündəliyinin cəmiyyətlər səviyyəsində müzakirəsinə xidmət edən platformadır.
Noyabrın 26-27-də keçirilən beşinci görüşün nəticələri və müzakirələrin konkret istiqamətləri iki ölkə arasında vətəndaş cəmiyyəti dialoqunun gələcək mərhələləri baxımından diqqət mərkəzində olacaq.
