
Azərbaycanda hərbi qulluqçuların növbəti hərbi rütbə alması üçün müəyyən edilmiş müddətlərdə dəyişiklik edilib. Yeni dəyişikliklərə əsasən, magistratura, rezidentura və doktorantura təhsilini başa vurmuş bəzi zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq.
Məlumata görə, bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, eləcə də doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti azaldılır.
Belə ki, ali təhsilin qeyd olunan hər bir səviyyəsi üzrə bu güzəştdən bir dəfə istifadə edilməklə hərbi rütbədə olma müddəti bir il azaldılacaq.
Dəyişikliklərlə “leytenant” hərbi rütbəsində olma müddətinə dair qaydalar da yenilənib.
Yeni müddəalara əsasən, təhsil müddəti beş il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddəti iki il müəyyən edilib.
Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün bu müddət bir il olacaq. Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində olma müddəti bir il təşkil edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqinin təmin edilməsi məqsədilə müvafiq fərman da imzalayıb.
Yeni dəyişikliklər hərbi qulluqçuların təhsil səviyyəsinin və elmi fəaliyyətinin hərbi xidmətdə irəliləyiş imkanlarına təsirini artırmaqla yanaşı, müəyyən kateqoriyadan olan zabitlərin növbəti hərbi rütbəyə daha qısa müddətdə yüksəlməsinə hüquqi əsas yaradır.





