
Şəmkir rayonunda baş verən faciəli hadisə ictimaiyyətdə böyük təəssüf doğurub. Abort proseduru üçün xəstəxanaya müraciət edən gənc qadın tibbi müdaxilə zamanı həyatını itirib.
Qanuntv.az-ın məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, abort etdirmək məqsədilə tibb müəssisəsinə müraciət edən 1991-ci il təvəllüdlü Y. Əhmədovanın prosedur zamanı qəfil səhhətində problem yaranıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda hadisənin hansı səbəbdən baş verdiyi və tibbi müdaxilə zamanı hansı halların qeydə alındığı araşdırılır.
Məlumata görə, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı var. Baş verən faciə nəticəsində iki uşaq anasız qalıb.
Hadisənin bütün təfərrüatlarının, eləcə də qadının ölümünə səbəb olan amillərin ekspertiza və araşdırmaların nəticəsində aydınlaşdırılması gözlənilir.
Qadının vəfatı ilə bağlı xəbəri dərin təəssüf hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına başsağlığı veririk.





