
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində Azərbaycanın Milli Qəhrəmanının oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobili idarə edən, 1991-ci il təvəllüdlü İ. Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, zərərçəkən Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyevin oğludur. Milli Qəhrəman İlham Əliyev 1990-cı ildə Qazax rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.





