
Azərbaycanda dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsində yeni qaydalar tətbiq ediləcək.
QanunTV.az xəbər verir ki, yeni Dövlət Qulluğu Məcəlləsinə əsasən, dövlət qulluğuna qəbul zamanı müsahibə iki mərhələdə keçiriləcək.
Yeni qaydalara görə, vakant vəzifəyə müraciət edən namizədlərin sayı 5 nəfərdən çox olduqda, ilk mərhələdə onların vəzifəyə uyğun səriştələri qiymətləndiriləcək. Bu mərhələdə ən azı 50 faiz nəticə göstərən namizədlər arasından ən yüksək nəticə toplayan 5 nəfər ikinci mərhələyə keçəcək.
Namizədlərin sayı 5 nəfər və ya daha az olduqda isə onlar birbaşa ikinci mərhələdə iştirak edəcəklər.
Müsahibənin ikinci mərhələsi üç nəfərdən ibarət komissiya tərəfindən keçiriləcək. Komissiyanın tərkibinə müvafiq dövlət qurumunun nümayəndəsi, vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndəsi və müstəqil ekspert daxil ediləcək.
İkinci mərhələdə namizədlərin peşəkar bilikləri, bacarıqları və vəzifənin tələblərinə uyğunluğu qiymətləndiriləcək. Müsahibə Azərbaycan dilində, fərdi qaydada aparılacaq və ən azı 20 dəqiqə davam edəcək.
Bundan başqa, namizədin razılığı ilə müsahibə zamanı videoçəkiliş aparılması da nəzərdə tutulur. Müsahibənin vaxtı və yeri barədə məlumat namizədlərə ən azı 5 iş günü əvvəl elan ediləcək.
Qeyd edək ki, yeni mexanizmin əsas məqsədi dövlət qulluğuna qəbul prosesində namizədlərin peşəkar səriştələrinin daha ətraflı qiymətləndirilməsi və seçim prosedurunun təkmilləşdirilməsidir.





