
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də ümumi təhdidlərə qarşı birgə mübarizə imkanlarının artırılması istiqamətində uzunmüddətli öhdəliklər götürür.
Bu barədə Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə qeyd olunub.
Sənəddə bildirilib ki, tərəflər regional sülh və sabitliyin dəstəklənməsi məqsədilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi ortaq şəkildə öhdələrinə götürürlər.
Bununla yanaşı, ölkələr ümumi təhdidlərin qarşısını almaq, onları yayındırmaq və yaranan təhlükələrə effektiv cavab vermək qabiliyyətlərini artırmaq niyyətindədirlər.
Birgə Bəyannamədə əks olunan bu müddəalar Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında müdafiə və təhlükəsizlik istiqamətinin də mühüm yer tutduğunu göstərir.





