
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü keçirilib.
Görüş zamanı Azərbaycan-Litva münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələr arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd ediblər.
Söhbət zamanı regional sülh gündəliyi, ikitərəfli münasibətlərin inkişafı, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi apararaq, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Qeyd edək ki, Azərbaycan və Litva arasında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və enerji sahələrində mövcud imkanların reallaşdırılması, eləcə də Avropa məkanında qarşılıqlı əlaqələrin genişləndirilməsi ikitərəfli münasibətlərin əsas müzakirə istiqamətlərindəndir.





