
Genetik Ehtiyatlar İnstitutunda rəhbər vəzifəsinə yeni təyinat həyata keçirilib.
Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova institutun icraçı direktoru vəzifəsinə təyin edilib. Digər əmrlə isə ona baş direktor vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrası həvalə olunub.
Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı institutun kollektivinə təqdim edib.
Qeyd edək ki, Nigar Kərimova biologiya üzrə fəlsəfə doktorudur. O, Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Aberdin Universitetində ali təhsil alıb, Türkiyədə elmi araşdırmalar aparıb. 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi fəaliyyət göstərib.
Yeni təyinatın Genetik Ehtiyatlar İnstitutunun elmi-tədqiqat fəaliyyətinə və qarşıya qoyulan vəzifələrin icrasına töhfə verəcəyi gözlənilir.





