
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, ticarət və investisiya imkanlarının genişləndirilməsi, enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Tərəflər, həmçinin regionun strateji əhəmiyyətli nəqliyyat marşrutlarından biri olan Orta Dəhlizin inkişafına dəstək verəcəklər.
Sözügedən məsələlər Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə əksini tapıb.
Sənəddə bildirilir ki, hər iki ölkə ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eyni zamanda davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək niyyətindədir.
Bu məqsədlə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, prioritet istiqamətlər üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulması, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə bərpa olunan enerji, infrastruktur və xidmətlər sektorunda qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinə diqqət yetiriləcək.
Tərəflər, həmçinin bizneslərarası əlaqələrin təşviqinə, hər iki ölkənin iqtisadiyyatında yeni iş yerlərinin yaradılmasına, peşə bacarıqlarının artırılmasına və əlavə dəyər formalaşdıran iqtisadi təşəbbüslərin dəstəklənməsinə önəm verirlər.
Birgə bəyannamədə regional və beynəlxalq nəqliyyat bağlantılarının əhəmiyyəti də xüsusi vurğulanır. Bu çərçivədə sərhədyanı ticarət və investisiyaların asanlaşdırılmasına xidmət edən nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafı, eləcə də Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması dəstəklənəcək.
Enerji sahəsində əməkdaşlıq da sənədin əsas istiqamətlərindən biridir. Ölkələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqlim dəyişikliklərinə davamlılığın artırılması və aşağı karbonlu iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə təmiz enerji sahəsində birgə fəaliyyəti genişləndirməyi planlaşdırırlar. Bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi bu əməkdaşlığın prioritet istiqamətləri sırasında yer alır.
Bununla yanaşı, tərəflər maliyyə və kapital bazarlarında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da araşdıracaqlar. Davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta biznesin inkişafının, eləcə də yaşıl maliyyələşdirmənin dəstəklənməsi məqsədilə müvafiq dövlət qurumları və maliyyə institutları arasında dialoqun genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə maliyyə sektorunun dayanıqlığının, şəffaflığının və beynəlxalq bazarlara çıxış imkanlarının gücləndirilməsi üçün bilik mübadiləsi və institusional əməkdaşlığın əhəmiyyəti də qeyd olunur.
Qeyd edək ki, nəzərdə tutulan istiqamətlər Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlığın iqtisadi və enerji ölçüsünün genişlənməsi, ölkəmizin beynəlxalq nəqliyyat-logistika imkanlarının gücləndirilməsi və qarşılıqlı investisiya əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





