
Lənkəran rayonunda qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən doqquz nəfərin eyni ailənin üzvləri olduğu məlum olub.
Məlumata görə, xəstəxanaya 38 yaşlı Sadiq Niftullayev, onun 31 yaşlı həyat yoldaşı Camalə Niftullayeva və 1-13 yaşlarında olan yeddi övladı müraciət ediblər.
Ailə üzvlərinə ilkin tibbi yardım göstərilməsi və müvafiq müalicənin aparılması təklif olunsa da, onlar tibbi xidmətdən imtina edərək xəstəxananı öz istəkləri ilə tərk ediblər.
Bildirilib ki, ailə başçısı həyat yoldaşı və övladları ilə eyni palatada yerləşdirilmələrini, uşaqlarına göstəriləcək tibbi xidmətin isə öz nəzarəti altında həyata keçirilməsini tələb edib.
Ailə üzvlərinin müalicədən imtina etməsi ilə bağlı müvafiq akt tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.





