
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı şəhid ailəsinin iki üzvü xəsarət alıb.
Hadisə rayonun Çeşməbasar kəndi ərazisində qeydə alınıb. “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilində olan 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.
Məlum olub ki, yaralılar Vətən müharibəsi şəhidi Zaman Məmmədlinin valideynləridir.
Hər iki şəxs təcili tibbi yardım vasitəsilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin açıqlamasına görə, qadında sol qabırğaların, bud və çanaq sümüklərinin sınıqları, kişidə isə bud sümüyünün, baldır və incik sümüklərinin sınıqları aşkarlanıb. Hər iki yaralının vəziyyəti ağır qiymətləndirilir.
Qəza nəticəsində ərazidəki qaz infrastrukturuna da ziyan dəyib. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Şəhid ailəsinin üzvlərinin belə ağır hadisə ilə üzləşməsi ictimaiyyətdə narahatlıq doğurub. Yaralıların tezliklə sağalmasını və sağlamlıqlarına qovuşmalarını diləyirik.





