
Lənkəranda qeyri-adi cinayət hadisəsi baş verib. Hotelin icarədarı işlədiyi müəssisənin əməkdaşlarını bıçaqla hədələyərək qızıl-zinət əşyalarını talayıb.
Qanuntv.az xəbər verir ki, “Mandarin” hotelinin icarədarı Xalıq Cahangirov xadimə və onun qızına məxsus ümumilikdə 5 100 manat dəyərində qızıl-zinət əşyalarını bıçaqla hədələyərək ələ keçirib.
Hadisədən sonra ölkəni tərk edərək Gürcüstana qaçmağa cəhd göstərən təqsirləndirilən şəxs Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.
Məhkəmə prosesində Xalıq Cahangirov cinayəti külli miqdarda borcunun olması ilə əlaqələndirib. Bildirilib ki, təqsirləndirilən şəxsin ailəsi zərərçəkənlərə dəymiş maddi ziyanı ödəyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalıq Cahangirov 8 il müddətinə azadlıqdan məhrum edilib.





