
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərlə görüşlər müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, məhdudiyyət hərbi qulluqçuların, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədardır.
Nazirlikdən qeyd olunub ki, hərbi hissələrdə görülən effektiv profilaktik tədbirlər nəticəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Müdafiə Nazirliyi gənc əsgərlərin valideynlərinə və bütün vətəndaşlara müraciət edərək hərbi qulluqçuların sağlamlığına həssaslıqla yanaşmağı, tətbiq edilən müvəqqəti məhdudiyyəti anlayışla qarşılamağı və gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyi xahiş edib.
Qeyd edilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.





