
Azərbaycanda dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, o cümlədən elmi və pedaqoji fəaliyyət göstərməsi ilə bağlı qaydalar yeni məcəllə əsasında tənzimlənəcək.
QanunTV.az xəbər verir ki, yeni məcəlləyə əsasən, dövlət qulluqçusunun qulluq müddətində əlavə ödənişli fəaliyyətlə məşğul olmaq hüququna müəyyən məhdudiyyətlər qoyulur.
Belə ki, dövlət qulluqçusunun əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və ya vakant vəzifə üzrə qulluq funksiyalarını icra etməsi halları istisna olmaqla, əlavə ödənişli fəaliyyətlə məşğul olmasına icazə verilmir.
Bununla yanaşı, dövlət qulluqçusu qulluq müddətində heç bir seçkili və ya təyinatlı vəzifə tuta bilməz. Sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmaq da qadağan edilir.
Yeni qaydalara əsasən, elmi və pedaqoji fəaliyyət isə istisna təşkil edir. Dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə bu fəaliyyət növləri ilə məşğul ola biləcək.
Beləliklə, yeni məcəllə dövlət qulluqçularının əlavə fəaliyyət imkanlarını və bu sahədəki məhdudiyyətləri müəyyən edir.





