
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisələr noyabrın 13-ü və 14-də baş verib.
QanunTV.az xəbər verir ki, hücumlar nəticəsində gəmilərdən biri zədələnib, digər ikisində isə yanğın baş verib. Xoşbəxtlikdən, hadisələr zamanı ölən və xəsarət alan olmayıb.
Məlumata görə, noyabrın 13-də Palau bayrağı altında üzən "Larissa 1" yük gəmisi PUA hücumuna məruz qalıb. Zərbə nəticəsində gəminin yük kranı zədələnib.
Noyabrın 14-də isə Yunanıstan bayrağı altında üzən "Evia Petrol V" tankeri və "Marsol" quru yük gəmisi hücuma məruz qalıb. Hər iki gəmidə yanğın başlasa da, ekipaj üzvləri alovu özləri söndürə biliblər.
Hadisələrlə əlaqədar Rumıniyanın Müdafiə Nazirliyi araşdırmalara başlayıb. Həmçinin, hava məkanında qeydə alınan şübhəli uçuş hədəfi ilə əlaqədar Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb.
Hazırda hücumlarda istifadə olunan pilotsuz uçuş aparatlarının mənşəyi müəyyən edilməyib. Hadisələr Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.





