
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu “Svetoslava” adlı quru yük gəmisində təhlükəli vəziyyət yaranıb.
Qanuntv.az xəbər verir ki, gəmidə olan 13 ekipaj üzvü Sahil Mühafizəsi qüvvələrinin operativ müdaxiləsi nəticəsində təhlükəsiz şəkildə təxliyə edilib.
Hadisə Türkiyənin Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində baş verib. Məlumata görə, “Cunda” şirkətinə məxsus və Palau bayrağı altında üzən “Svetoslava” quru yük gəmisi gecə saatlarında Türkiyənin Samsun limanından Moldovanın Curculesti limanına istiqamət alıb.
İlkin məlumatlarda gəminin naməlum səbəbdən batdığı bildirilib. Daha sonra isə gəminin batmaq təhlükəsi ilə üzləşdiyi və ekipaj üzvlərinin vaxtında xilas edildiyi açıqlanıb.
Qeyd olunur ki, gəminin göyərtəsində 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşı olub.
Xilas edilən dənizçilərin xəstəxanaya yerləşdirildiyi, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qanuntv.az





