
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni detalları məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə səhər saatlarında rayon ərazisində baş verib.
Məlumata görə, “Chevrolet” markalı avtomobili idarə edən yetkinlik yaşına çatmayan sürücü 34 yaşlı Fəridə adlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, iki uşaq anası olan Fəridə 4 yaşlı autizmli övladını bağçaya qoyduqdan sonra evə qayıdırmış. Onun digər övladının 13 yaşında olduğu bildirilir.
Qeyd olunur ki, qadının 35 yaşı tamam olmasına cəmi üç gün qalıbmış.
Hadisədən sonra sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.





