
Avqustun 26-da Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı keçirilib.
Qanuntv.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli yeni incəsənət məktəbində görülən işlər və yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Bilgəh incəsənət məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evinin, 27 nömrəli uşaq musiqi məktəbinin və Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətlərinin optimallaşdırılması nəticəsində yaradılıb.
Əvvəllər fəaliyyət göstərən Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası 1987-ci ildə inşa edildiyindən uzun illər ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşüb. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən müasir tələblərə cavab verən, 220 yerlik yeni məktəb binası inşa olunub.
Yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlar, həmçinin əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə şagirdlərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün geniş imkanlar yaradılıb.
Binada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq və dizayn otaqları, həmçinin xoreoqrafiya və akt zalları fəaliyyət göstərəcək. Bundan əlavə, məktəbdə kitabxana, qarderob və yeməkxana da yaradılıb.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, şagirdlərin və müəllimlərin rahat istifadəsi üçün əlverişli mühit formalaşdırılıb.
Yeni incəsənət məktəbinin istifadəyə verilməsi Bilgəh qəsəbəsində uşaqların və yeniyetmələrin musiqi, rəssamlıq, xoreoqrafiya, fotoqrafiya, heykəltaraşlıq və digər yaradıcılıq istiqamətləri üzrə təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir.













