
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.
QanunTV.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Qırğızıstanın və digər ölkələrin dövlət və hökumət nümayəndələri, yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Açılış mərasimi qədim köçəri xalqların zəngin mədəni irsini, adət-ənənələrini və milli dəyərlərini nümayiş etdirən rəngarəng təqdimatlarla müşayiət olunub.
6-cı Dünya Köçəri Oyunları müxtəlif ölkələrdən olan idmançıları və nümayəndə heyətlərini bir araya gətirir. Oyunların keçirilməsində əsas məqsədlərdən biri köçəri xalqların ənənələrinin, milli idman növlərinin və mədəni irsinin yaşadılması və təbliğidir.
Qeyd edək ki, Dünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə Qırğızıstanda keçirilib.










