
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər.
Qanuntv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirib. Dövlət başçısı səfərin ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərin müzakirəsi baxımından da əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Prezidenti Vyetnama səfərini, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladaraq, həmin görüşlərdə aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. İlham Əliyev iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha diqqətə çatdırıb. Həmçinin Azərbaycanın AQEM-ə sədrliyinin müddətinin uzadılmasına verdiyi dəstəyə görə Vyetnama təşəkkür edib.
Vitse-prezident Vo Thi An Suan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın əldə etdiyi nailiyyətləri, AQEM-ə uğurlu sədrliyini və Zirvə Görüşünün Bakıda təşkil olunmasını yüksək qiymətləndirərək təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə də toxunulub. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsinin ikitərəfli əlaqələrin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığı vurğulanıb.
Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Vyetnama, eləcə də Prezident İlham Əliyevin bu ölkəyə səfərləri məmnunluqla xatırlanıb. Bu tarixi əlaqələrin xalqlar arasında dostluğun möhkəmlənməsinə və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Vo Thi An Suan Vyetnamın azadlıq mübarizəsindən sonrakı inkişafında, energetika sektorunun bərpasında və milli kadr potensialının hazırlanmasında Azərbaycanın vaxtilə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alması da ölkələr arasında mövcud olan tarixi əlaqələrin mühüm göstəricisi kimi qeyd edilib.
Söhbət zamanı iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm və investisiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin azad viza rejiminin tətbiqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Energetika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. SOCAR ilə “PetroVyetnam” arasında Anlaşma Memorandumunun imzalanması qeyd olunaraq, bu sənəddən irəli gələn imkanlar və tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Görüşdə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələr də diqqətə çatdırılıb. Vyetnamın vitse-prezidenti Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərə görə təşəkkürünü bildirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırlayıb.
Görüş Azərbaycan ilə Vyetnam arasında mövcud dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Qanuntv.az












