
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə onun əməli zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirilib.
Qanuntv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son sözünü dedikdən sonra hökm elan olunub.
Məhkəmənin qərarı ilə Ayxan Vəlizadənin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə tövsif edilib. O, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını nəzərə alaraq Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Hadisə Ramana qəsəbəsində baş verib
İş materiallarına əsasən, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsində, “Gülçülük Sovxozu” adlanan ərazidə qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Aparılan ilkin araşdırmalar zamanı İftixar Vəlizadəyə 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və nəticədə onun öldürülməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Ayxan Vəlizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə araşdırmasının yekununda əməlin hüquqi tövsifi dəyişdirilib və təqsirləndirilən şəxs barəsində müvafiq hökm çıxarılıb.





