
Şəmkir rayonunda 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. 2013-cü ildə xüsusi amansızlıqla qətlə yetirilən qadının ölümündə şübhəli bilinən şəxs müəyyən edilərək həbs olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. İşin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və əlaqələndirilmiş şəkildə həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun cinayəti tamah məqsədilə törətməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, Xəyal Məmmədov Kifayət Məhərrəmovanın yaşadığı mənzildə ona cib bıçağı ilə çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qəsdən öldürüb. Daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı qeyd olunan cinayət əməlini törətdiyini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, əvvəlki illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin diqqət mərkəzində saxlanılır.





