
Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi proqramı açıqlanıb. Bakı Şəhər Halqasında təşkil olunacaq mötəbər idman yarışı sentyabrın 24-də start götürəcək.
Qanuntv.az xəbər verir ki, yarış həftəsi çərçivəsində pilotlar əvvəlcə sərbəst yürüşlərdə iştirak edəcək, daha sonra isə sıralanma turunda mübarizə aparacaqlar. Qran-prinin qalibini müəyyənləşdirəcək əsas yarış sentyabrın 26-da keçiriləcək.
Təqvimə əsasən, sentyabrın 24-də, cümə axşamı, yerli vaxtla saat 12:30-dan 13:30-dək birinci, saat 16:00-dan 17:00-dək isə ikinci sərbəst yürüş baş tutacaq.
Sentyabrın 25-də, cümə günü, saat 12:30-dan 13:30-dək üçüncü sərbəst yürüş keçiriləcək. Həmin gün saat 16:00-dan 17:00-dək isə əsas yarışda pilotların start mövqelərini müəyyənləşdirəcək sıralanma turu təşkil olunacaq.
Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da, şənbə günü, saat 15:00-da başlayacaq.
“Formula-1” Azərbaycan Qran-prisinin rəsmi yarış cədvəli:
24 sentyabr, cümə axşamı
- 12:30–13:30 — Birinci sərbəst yürüş (FP1)
- 16:00–17:00 — İkinci sərbəst yürüş (FP2)
25 sentyabr, cümə
- 12:30–13:30 — Üçüncü sərbəst yürüş (FP3)
- 16:00–17:00 — Sıralanma turu
26 sentyabr, şənbə
- 15:00 — Əsas yarış
Beləliklə, paytaxt Bakıda keçiriləcək Qran-pri həftəsi üç gün davam edəcək və avtoidman həvəskarlarının diqqəti bir daha Bakı Şəhər Halqasına yönələcək.





