
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.
Qanuntv.az xəbər verir ki, bəyanatda 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edildiyi vurğulanıb.
XİN-in bəyanatında qeyd olunub ki, 20 sentyabr Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür.
Bildirilib ki, antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması məqsədi qarşıya qoyulub. 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin edilib.
Bəyanatda bu tarixi nailiyyətin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, rəşadəti və qəhrəmanlığının həlledici rol oynadığı vurğulanıb.
XİN qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirilib, hədəf olaraq yalnız qanunsuz silahlı birləşmələrin hərbi obyektləri və infrastrukturları müəyyən edilib.
Bəyanatda Azərbaycanın dövlət suverenliyinin bərpasının regionda yeni siyasi reallıq yaratdığı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açdığı bildirilib. Azərbaycanın sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək normallaşma istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdığı diqqətə çatdırılıb.
XİN 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüşü sülh və normallaşma prosesində mühüm mərhələ kimi qiymətləndirib.
Bəyanatda vurğulanıb ki, liderlərin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülh və sabitliyin təmin olunması, eləcə də regional iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrinin bərpası, etimad quruculuğu tədbirləri, beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi Azərbaycan və Ermənistanla yanaşı, digər maraqlı tərəflər üçün də yeni əməkdaşlıq imkanları yaradacaq.
XİN Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həllinin vacibliyini də diqqətə çatdırıb.
Bəyanatda, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsinə, mina təhlükəsinin aradan qaldırılmasına və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə toxunulub. Bu istiqamətlər Azərbaycanın əsas prioritetləri kimi qeyd edilib.
XİN Dövlət Suverenliyi Gününü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzi adlandırıb. Bu əlamətdar günün şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək, tarixi Zəfərin dəyərini qorumaq və gələcək nəsillərə ötürmək baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Bəyanat bu sözlərlə yekunlaşıb:
“Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”





