
Bakı-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
QanunTV.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Aran Regional Mərkəzinin xilasediciləri qəza yerinə cəlb olunublar.
Hadisə yerində vəziyyət qiymətləndirilərkən "KamAZ" markalı yük avtomobili, "Renault" markalı avtomobildaşıyan və "Hyundai" markalı minik avtomobilinin toqquşduğu müəyyən edilib. Qəza nəticəsində "KamAZ"ın sürücüsü avtomobilin deformasiyaya uğramış hissəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firuddinovu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisənin başvermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.





