
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısını energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey və “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan qarşılayıblar.
Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, “Universal Energy” şirkəti və şirkətin Azərbaycanda həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.
Bildirilib ki, Çinin Şanxay şəhərində yaradılan “Universal Energy” şirkəti yaşıl enerji və enerji saxlanc sistemləri üzrə müxtəlif həllər təqdim edir. Şirkət Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.
Məlumata görə, Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində yerləşən 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.
Sözügedən ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin “Universal International Holdings Limited” şirkəti 2024-cü ildə keçirilən hərracın qalibi olub.
“Qobustan” Günəş Elektrik Stansiyası Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk layihə olmaqla yanaşı, “Universal Energy” şirkətinin ölkəmizdə icra etdiyi ilk layihədir.
Stansiyada Günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, həmçinin kabelləşdirmə işləri tam başa çatdırılıb.
İllik 200 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəyi proqnozlaşdırılır.
Stansiyanın fəaliyyəti nəticəsində hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət edilməsi, eyni zamanda atmosferə atılan karbon emissiyalarının 97 min ton azaldılması gözlənilir.
Qeyd olunub ki, bərpaolunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 GVt, dənizdə isə 157 GVt qiymətləndirilir. Ölkənin iqtisadi potensialı 27 GVt təşkil edir. Bunun 23 GVt-ı Günəş enerjisinin, 3 GVt-ı külək enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 2 170 MVt-a, bu istiqamətdə fəaliyyət göstərən stansiyaların sayı isə 85-ə çatacaq.
Hazırda bu stansiyaların 65-i su elektrik stansiyası, 6-sı külək elektrik stansiyası, 10-u Günəş elektrik stansiyası, 3-ü hibrid elektrik stansiyası, 1-i isə bioelektrik stansiyadır.
Bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji gücündə payı təxminən 21,5 faiz təşkil edəcək.
Məlumata görə, 2027-ci ilin sonunadək Azərbaycanda ümumi gücü təxminən 1,5 GVt olan yeni bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Yerli və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu layihələrin elektrik enerjisi ilə təminatın gücləndirilməsi, təbii qazdan istifadənin optimallaşdırılması və atmosferə atılan karbon emissiyalarının azaldılmasına töhfə verməsi gözlənilir.
Qanuntv.az






