
Alyaska sahillərində balıq ovuna çıxan 15 yaşlı yeniyetmə qayıq çevrildikdən sonra üç gün dənizdə qalaraq sağ xilas edilib.
Məlumata görə, yeniyetmə qardaşı və əmisi oğlu ilə birlikdə balıq tutmaq üçün dənizə çıxıb. Lakin qayıq naməlum səbəbdən çevrilib. Hadisə nəticəsində yeniyetmənin hər iki qohumu həyatını itirib, özü isə dənizdə tək qalıb.
Xilasedicilər 15 yaşlı yeniyetməni Müqəddəs Lourens adasından təxminən 6 kilometr məsafədə aşkarlayıblar.
Onun təxminən üç gün ərzində yeməksiz və susuz qaldığı bildirilib. Yeniyetmə xilas edilərək xəstəxanaya çatdırılıb. Həkimlər onda hipotermiya əlamətləri müəyyən ediblər.
Hadisənin bütün detalları ilə bağlı araşdırma aparılır.





