
Qafqaz Albaniyasının tarixi və Azərbaycan ərazisində yerləşən alban-xristian irsi ilə bağlı müzakirələr davam edir.
Qanuntv.az xəbər verir ki, alban-udi xristian icmasının sədri Robert Mobili açıqlamasında Qafqaz Albaniyasının çoxəsrlik tarixə malik olduğunu bildirib.
Onun sözlərinə görə, Qafqaz Albaniyası həm xristianlıqdan əvvəlki dövrdə, həm də xristianlığın yayılmasından sonrakı əsrlərdə regionun mühüm dövlətlərindən biri olub.
Robert Mobili qeyd edib ki, xristianlığın Albaniyada dövlət dini kimi qəbul edilməsindən sonra Azərbaycanın müxtəlif ərazilərində, o cümlədən Böyük Qafqazın cənub yamaclarında, Qarabağda və Kiçik Qafqaz ərazisində çoxsaylı kilsə və monastır kompleksləri inşa edilib.
İcma sədrinin sözlərinə görə, həmin tarixi-mədəni irsin nümunələri bu gün də mövcuddur. O, Qarabağdakı Xudavəng və Gəncəsər monastır komplekslərini, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən qədim dini abidələri buna nümunə göstərib.
Robert Mobili bildirib ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirir:
«“Azərbaycan ərazisində Qafqaz Albaniyasının çox zəngin irsi mövcuddur. Bu mədəni irsin sahibi Azərbaycandır”.»
İcma sədri həmçinin iddia edib ki, Qarabağın işğalı dövründə bir sıra alban-xristian məbədlərində dəyişikliklər aparılıb, onların üzərindəki yazılar, simvollar və digər memarlıq elementləri təhrif edilib.
Onun sözlərinə görə, bu gün əsas məqsəd həmin dini və tarixi abidələrin qorunması, konservasiyası və bərpasıdır.
Robert Mobili gələcəkdə alban-xristian irsinə aid bir sıra məbədlərin bərpa olunaraq həm ibadət, həm də turizm məqsədləri üçün istifadəsinin mümkün olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid çoxsaylı tarixi və memarlıq abidələri mövcuddur. Xudavəng və Gəncəsər monastır kompleksləri də bu irsin mühüm nümunələri sırasında göstərilir.





