
Sentyabrın 15-də yeni tədris ilinin başlaması ilə əlaqədar ölkə yollarında, xüsusilə səhər və axşam saatlarında nəqliyyatın hərəkət intensivliyinin artacağı gözlənilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, yeni tədris ilinin ilk günlərində məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlıq yarana bilər. Bu səbəbdən bütün hərəkət iştirakçılarının daha diqqətli və məsuliyyətli davranması vacibdir.
BDYPİ sürücülərə təhsil müəssisələrinin yaxınlığında hərəkət sürətini əvvəlcədən azaltmağı, piyada keçidlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
Həmçinin avtomobillərin ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmaması çağırışı edilib.
Valideynlərdən uşaqları məktəbə aparıb-gətirərkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamaq, uşaqların nəqliyyat vasitəsindən səki istiqamətində təhlükəsiz şəkildə düşüb-minməsinə nəzarət etmək xahiş olunub.
Şagirdlərə isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamaq, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməmək tövsiyə edilib.
BDYPİ xüsusilə valideynlərin davranışının uşaqlar üçün nümunə olduğunu vurğulayıb. Qeyd olunub ki, uşaqlardan yol hərəkəti qaydalarına əməl etməyi tələb edən böyüklər ilk növbədə öz davranışları ilə buna nümunə göstərməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin ilk günlərindən hər kəsi yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırıb.
“Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”, – deyə BDYPİ-dən bildirilib.





