
Ukrayna Prezidenti Volodimir Zelenskinin Moldovadan Norveçə uçan təyyarəsi pilotsuz uçuş aparatının yaratdığı təhlükə səbəbindən riskli vəziyyətlə üzləşib.
Norveçin Baş naziri Yonas Qar Störe NRK-ya açıqlamasında bildirib ki, Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatının zərbəsinə məruz qalacaqdı.
“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, – Störe deyib.
Moldova rəsmilərinin məlumatına görə, həmin vaxt ölkənin hava məkanı pilotsuz uçuş aparatı ilə bağlı təhlükə səbəbindən müvəqqəti bağlanıb və Zelenskinin təyyarəsi də daxil olmaqla bir sıra reyslər gecikib. Daha sonra təyyarənin uçuşuna icazə verilib.
Zelenski Norveçin paytaxtı Osloda Yonas Qar Störe ilə görüşüb. Görüşdə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, o cümlədən “Patriot” sistemləri üçün raket təminatı məsələləri müzakirə olunub.





