
50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilib.
Qanuntv.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov “Bakı İqlim Fəaliyyəti Həftəsi – 2026” çərçivəsində keçirilən “Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi” mövzusunda müzakirələr zamanı deyib.
Deputat bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir.
Onun sözlərinə görə, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır.
Sadiq Qurbanov qeyd edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1,3 dərəcə yüksəlib. Yalnız 2025-ci ildə bu artım 1,8 dərəcə təşkil edib.
Deputatın sözlərinə görə, son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub.
Xəzərin səviyyəsinin gələcəkdə dəyişməsi ilə bağlı elmi proqnozlara da toxunan deputat bildirib ki, su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər.





