
Sentyabrın 4-də İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” keçirilib.
Qanuntv.az xəbər verir ki, tədbirdə Azərbaycanı Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri – Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil ediblər.
Sammitdə iqlim maliyyələşməsi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlara davamlı şəhərlərin formalaşdırılması, COP31-ə hazırlıq prosesi və digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirə dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektorun nümayəndələri qatılıblar. Sammit çərçivəsində yüksəksəviyyəli sessiyalar, panel müzakirələri, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr təşkil olunub.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində moderator qismində çıxış edib.
Nazir müavini çıxışında Azərbaycanın COP29 çərçivəsində əldə etdiyi mühüm nəticələrə diqqət çəkib. O bildirib ki, COP29 zamanı İqlim Maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə – NCQG-yə dair razılaşmanın əldə olunması iqlim maliyyələşməsi sahəsində mühüm irəliləyiş olub.
Yalçın Rəfiyev qeyd edib ki, razılaşmaya əsasən inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı fəaliyyətlərin maliyyələşdirilməsi üçün dəstəyin 2035-ci ilədək illik 1,3 trilyon ABŞ dollarına çatdırılmasını nəzərdə tutan uzunmüddətli maliyyələşdirmə məqsədi müəyyənləşdirilib.
Nazir müavini COP29-un Fəaliyyət Gündəliyində dayanıqlı şəhərlər məsələsinin əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildiyini də vurğulayıb. Bu çərçivədə Bakı Davamlılıq Koalisiyası və Dayanıqlı və Sağlam Şəhərlər üzrə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) təşəbbüslərinin irəli sürüldüyünü diqqətə çatdırıb.
Çıxış zamanı cari ilin may ayında Bakıda keçirilmiş 13-cü Dünya Şəhərsalma Forumunun (WUF13) nəticələrinə də toxunulub. Yalçın Rəfiyev Forumun şəhərlərin iqlim dayanıqlılığı ilə bağlı qlobal gündəliyin inkişafına mühüm töhfə verdiyini bildirib.
O, əldə edilmiş nəticələrin davamlılığının təmin edilməsi baxımından Azərbaycanda növbəti həftə keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sammit çərçivəsində Muxtar Babayev və Yalçın Rəfiyev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilən “İqlim öhdəliklərinin yerinə yetirilməsi körpüsü: İcra və maliyyələşmə üçün yüksək səviyyəli yol xəritəsi” adlı yüksək səviyyəli sessiyada da çıxış ediblər.
Çıxışlarda COP29-un Bakıda keçirilən müzakirələrinin və əldə olunan tarixi nəticələrin iqlim maliyyələşdirilməsi üzrə qlobal dialoqa verdiyi töhfələr diqqətə çatdırılıb.
İstanbulda keçirilən Sammit iqlim maliyyəsinin səfərbər edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COP31 çərçivəsində qarşıdakı prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.









