
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının təşkil etdiyi icraçı dəyirmi masada iştirak edib.
Qanuntv.az xəbər verir ki, tədbirdə ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri və müxtəlif iri şirkətlərin nümayəndələri iştirak ediblər.
Dəyirmi masa zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş Vaşinqton sammitindən sonra Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişafı və ikitərəfli əlaqələrin əsas istiqamətləri müzakirə olunub.
Ceyhun Bayramov çıxışında iştirakçılara Azərbaycanın xarici siyasət prioritetləri, müstəqilliyin bərpasından sonra ölkənin həyata keçirdiyi siyasət və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsas istiqamətləri barədə məlumat verib.
Nazir iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt, nəqliyyat və bağlantı sahələri ilə yanaşı, regional proseslər və Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə də danışıb.
C.Bayramov 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi və paraflanmış sülh sazişindən sonra regional normallaşma çərçivəsində həyata keçirilən praktiki etimad quruculuğu tədbirlərinə diqqət çəkib. Bu kontekstdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması qeyd olunub.
Regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanın inkişafından danışan nazir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsində TRIPP marşrutunun əhəmiyyətini vurğulayıb. O, həmçinin Rəqəmsal İpək Yolu və Orta Dəhliz layihələri çərçivəsində Azərbaycanın regional bağlantı qovşağı kimi rolundan bəhs edib.
Nazir bildirib ki, ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqundan sonra 10-dan çox imzalanmış saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyi təmin edilib. Bunun ardınca ticarət, enerji, süni intellekt və bağlantı sahələri üzrə birgə işçi qruplarının fəaliyyətə başladığı diqqətə çatdırılıb.
Ceyhun Bayramov ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, enerji sektorunda əldə olunan strateji nəticələri də qeyd edib.
Görüş çərçivəsində Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanları və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.











