
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İsmayıl Uld Şeyx Əhmədi ilə görüşüb.
Qanuntv.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov İƏT-in yeni baş katibini təbrik edib və təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir artan islamofobiya ilə mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb. Ceyhun Bayramov Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
Görüşdə regional hərbi münaqişələrin artması ilə bağlı narahatlıq ifadə olunub. Azərbaycanın xarici işlər naziri qlobal miqyasda müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıq hallarının qarşısının alınması istiqamətində diplomatik səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.
Ceyhun Bayramov, həmçinin 2027-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İƏT Zirvə Görüşünə hazırlıq çərçivəsində görülən institusional işlər barədə məlumat verib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər və İƏT çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.





