
Bakıda keçirilən taekvondo üzrə ölkə birinciliyi və çempionatında Göygöl rayonunun İrəvan İdman Mərkəzinin yetirməsi Dərya Hüseynova uğurlu çıxışı ilə diqqət çəkib.
Qanuntv.az xəbər verir ki, 30 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançı bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib olub. Bununla da Dərya Hüseynova Azərbaycan çempionu titulunu qazanıb.
Gənc taekvondoçunun bu uğuru onun idman karyerasında mühüm nailiyyət olmaqla yanaşı, Göygöl idmanının növbəti parlaq nəticələrindən biri kimi qiymətləndirilir. Dəryanın əzmkarlığı, mübarizə ruhu və yarışdakı inamlı çıxışı çempionluq zirvəsinə aparan yolun əsas göstəricilərindən olub.
Qeyd edək ki, Dərya Hüseynova Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elbrus Hüseynovun qızıdır.
Şəhid övladının idman meydanında qazandığı bu uğur həm ailəsi, həm də onu yetişdirən məşqçilər və Göygöl ictimaiyyəti üçün qürurverici hadisədir. Dərya Hüseynovanın Azərbaycan çempionu olması şəhid ailələrinin övladlarının qazandığı uğurlar sırasında xüsusi əhəmiyyət daşıyır.





