
Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.
Qanuntv.az xəbər verir ki, həkim-stomatoloq olan Şahin Tağıyev avqustun 31-də Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemlə əlaqədar əməliyyat olunub. Əməliyyatdan sonra onun səhhəti ağırlaşıb və özəl klinikalardan birinə köçürülüb.
Yaxınlarının bildirdiyinə görə, gənc həkimdə daxili qanaxma və digər ağırlaşmalar yaranıb. O, uzun müddət reanimasiya şöbəsində müalicə alıb. Şahin Tağıyevin həyatını xilas etmək üçün təxminən 80 nəfər qan verib.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şahin Tağıyev Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisası üzrə ilk məzunlarından olub. O, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən tanınmış klinikalarda stomatoloq-implantoloq kimi çalışıb.





