
Sentyabrın 21-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında intensiv leysan, şimşək, dolu və duman gözlənilir.
QanunTV.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək onları yollarda xüsusilə diqqətli olmağa çağırıb.
Bildirilib ki, yağıntı və duman səbəbindən yol örtüyünün sürüşkənləşməsi, eləcə də görünüş məsafəsinin azalması mümkündür. Bu cür hava şəraiti avtomobillərin idarə olunmasını çətinləşdirərək yol-nəqliyyat hadisəsi riskini artıra bilər.
BDYPİ sürücülərə sürət həddini mövcud hava və yol şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsini qorumağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edib.
İdarə sürücüləri səfər zamanı diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.





