
Bakıda 14 yaşı tamam olmayan qızla cinsi əlaqədə olmaqda təqsirləndirilən 18 yaşlı şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
QanunTV.az xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan, 14 yaşı tamam olmayan Z.Abdulovanın (ad və soyad şərtidir) hamilə olduğu müəyyən edilib.
Məlumata görə, yetkinlik yaşına çatmayan qız hamiləliyin altıncı ayında ölü döl dünyaya gətirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra araşdırmalara başlanılıb.
Araşdırma zamanı məlum olub ki, qızla münasibətdə olan 18 yaşlı Camal Babayev (ad və soyad şərtidir) onun yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub. Onların da məhz bu zaman tanış olaraq münasibət qurduqları bildirilib.
Toplanmış materiallar əsasında C.Babayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə araşdırması zamanı əməldə zorakılıq olmadığı müəyyən edilib. Nəticədə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) tövsif edilib.
Məhkəmənin hökmü ilə Camal Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.





