
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər türk dünyasının qarşısında yeni mərhələnin dayandığını göstərir.
Qanuntv.az xəbər verir ki, bunu siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Prezidentin TDT-ni böyük beynəlxalq nüfuza malik təşkilat kimi xarakterizə etməsi və bu qurumu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirmək çağırışı mühüm siyasi mesajdır.
F.Şahbazlı bildirib ki, TDT artıq yalnız ortaq tarix, dil və mədəniyyət əsasında fəaliyyət göstərən platforma deyil. Onun fikrincə, qarşıda bu potensialın beynəlxalq siyasətdə real təsir imkanlarına çevrilməsi vəzifəsi dayanır.
Siyasi şərhçi Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətlərinin də bu strategiyanın mühüm dayaqlarından biri olduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb və bu sənədlər çərçivəsində əməkdaşlıq davam etdirilir.
F.Şahbazlının sözlərinə görə, Azərbaycanın türk dünyasına münasibəti yalnız tarixi və mədəni yaxınlıqla məhdudlaşmır. Burada siyasi etimad, müttəfiqlik münasibətləri və qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modeli formalaşıb.
Siyasi şərhçi regional təhlükəsizlik məsələsinin də TDT-nin gələcək rolunda xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, müasir dövrdə təhlükəsizlik yalnız hərbi təhdidlərlə məhdudlaşmır. İnformasiya, kiberməkan, enerji, nəqliyyat, transmilli cinayətkarlıq və yeni texnologiyalarla bağlı risklər də diqqətdə saxlanılmalıdır.
F.Şahbazlı TDT-nin gələcəyində gənclər amilinin də mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi, forum və konfransların keçirilməsi türk dövlətlərinin gənc nəsilləri arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yarada bilər.
Siyasi şərhçi Prezident İlham Əliyevin milli-mənəvi dəyərlər, ənənələr və həyat tərzinə sadiqliklə bağlı fikirlərinin də bu yanaşmanı tamamladığını bildirib.
O əlavə edib ki, türk dünyasının potensialı yalnız coğrafi və iqtisadi imkanlarla ölçülmür. Ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər türk dövlətlərini birləşdirən əsas amillərdəndir.
F.Şahbazlı Prezidentin BMT sistemi ilə bağlı səsləndirdiyi fikirlərin də TDT-nin beynəlxalq rolunun artırılması məsələsi ilə əlaqəli olduğunu vurğulayıb.
Siyasi şərhçinin fikrincə, Prezident İlham Əliyevin çıxışındakı əsas istiqamətlər türk dünyasının yeni inkişaf mərhələsinə keçidi ilə bağlıdır. O hesab edir ki, TDT-nin qarşısında ortaq potensialı siyasi, iqtisadi və strateji imkanlara çevirmək vəzifəsi dayanır.





