
Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanuntv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror ötən məhkəmə iclasında dövlət ittihamını müdafiə edərək Xasay Quliyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin onun qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyev olduğu müəyyənləşdirilib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb və Xasay Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə – qəsdən adam öldürmənin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilməsi üzrə məsuliyyətə cəlb olunub.
Məhkəmədə araşdırılan materiallara və təqsirləndirilən şəxsin ifadəsinə əsasən, cinayətin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib. Xasay Quliyev ifadəsində qardaşını həyat yoldaşına qısqandığı üçün öldürdüyünü deyib. Lakin onun səsləndirdiyi bu ehtimallar məhkəmə istintaqı zamanı təsdiqini tapmayıb.
Qeyd edək ki, Səfər Quliyev bölgədə müğənni kimi də tanınıb. O, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışıb.





